27 İyul 2017 16:03
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini olan bir qadın evindən qızıl əşyalarının oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə ərizə ilə müraciət edib.

O, izahatında 6000 manat dəyərində qızıl-zinət əşyalarının bir müddət əvvəl oğurlandığını, aradan ötən vaxt ərzində evinə gəlib-gedən yaxın tanışlardan kimlərin bunu edəcəyi ilə maraqlandığını, lakin bir nəticə əldə etmədiyini bildirib.

Məlumatla əlaqədar yaradılan əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalara başlanılıb. Görülmüş tədbirlərlə oğurluğun mənzil sahibəsinin tanışları Elşad və Qismət adlı şəxslər tərəfindən törədilməsinə dair şübhələr yaranıb.

Əməliyyat-axtarış tədbirləri ilə qısa vaxt ərzində onlar şübhəli şəxs qismində saxlanılıb, 39-cu polis bölməsinə gətiriliblər.

Araşdırmalarla onların Abşeron rayon sakini Qismət Nəsibov və Ağdam rayon sakini Elşad Hüseynov olmaları müəyyən edilib. Hər iki şəxs tanışlarının mənzilindən mart ayından etibarən nəzərə çarpdırmadan müxtəlif qızıl əşyalarını oğurladıqlarını etiraf ediblər.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov