4 Avqust 2017 11:53
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:27

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovni Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə Mətləb Mustafayev çıxış edib. O, özünün və bacısı İradə Hümbətovanın evində qanunsuz axtarış aparıldığını,intihar edən qardaşı, MTN polkovniki Malik Mustafayevin özünə qəsd etməsində Elçin Quliyevin günahkar olduğunu bildirib.

Bu zaman Elçin Quliyevlə Mətləb Mustafayev arasında mübahisə yaranıb.

Hakim tərəflərə xəbərdarlıq edib, zərərçəkmiş barəsində akt tərtib olunacağını, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcəyini deyib.

***

Daha sonra polkovnik Malik Mustafayevin bacısı İradə Hümbətova ifadə verib.

O bildirib ki, 17 sentyabr 2014-cü il tarixdə saat 18.30-da həyat yoldaşı ilə birlikdə işdən qayıdan zaman yaşadığı küçənin qara paltarlılar tərəfindən bağlandığnı görüb: "Qonşulardan bunun səbəbini soruşdum. Bildirdilər ki, İldırım Rüstəmova məxsus evdə MTN əməkdaşları axtarış aparır. Təxminən bir saatdan sonra qara paltarlılar getdilər, küçə boşaldı.

Qonşular bildirdilər ki, axtarış aparanlar İldırım Rüstəmovun övladının toy əşyalarını, bağlamalarını açıb-töküblər, şoka düşmüş İldırım Rüstımov onlardan nə axtardıqlarını soruşduqda ona bildiriblər ki, evinizdə silah-sursat saxlanıldığı barədə məlumat daxil olub. İldırım Rüstəmov evində silah olmadığlnı bildirib, kimin ünvanına gəldiklərini soruşub.

Ona deyiblər ki, bura Tofiq Hümbətova məxsus ev deyil? İldırım deyib ki, Tofiq Hümbətovun evi, 15 yox, 13 nömrəlidir. Onlar üzr istəyib, axtarışı dayandırıb evdən çıxıblar.

Məsələ burasındadı ki, mənim şəxsiyyət vəsiqəmdə olan ünvan 15 saylı göstərilub, buna görə də onlar həmin ünvana daxil olublar. Biz evimizə daxil olduq, təxminən yarım saat sonra bacımgilə getmək istədik. Həyat yoldaşım qarajdan maşını çıxaran zaman əlləri silahlı qara paltarlılar ərimi mühasirəyə aldılar, həyətə daxil oldular.

Onlar 15-16 nəfər idilər. İkisi hasardan aşıb qaynım Tahir Hümbətovun həyətinə daxil oldu. Onun iki azyaşlı övladının qorxusindan çığırtısını qonşular da eşidirdilər.

Onlar qaynımın evində olan əşyaları ortalığa tullayıb, qarmaqarışlıq yaradırdılar. Qaynım evdə olmadığı üçün telefonla ona xəbər verdik. O, təcili evə gəldi. Axtarışı iki qrup aparırdı. Birinə sonradan adını bildiyimiz Elşən Murtuzov, digərinə isə Samir Əliyev adlı müstəntiq rəhbərlik edirdi.

Bizim evimizdə axtarışa rəhbərliyi Elşən Murtuzov, qaynımgildə axtarışa isə müstəntiq Samir Əliyev rəhbərıik edirdi.

Biz axtarışda hal şahidləri və çəkiliş aparanın olmasını tələb etsək də, qulaq asmadılar, daha 7-8 nəfər otağa daxil olaraq axtarışa müdaxilə etdilər. Mən qardaşım Mətləbin yaşadığı mənzilə tapança qoyduğunu bildiyim üçün evimə kameramanın və yalnız axtarışda adı keçənlərin daxil olmasını tələb etdim.

Quran kitabını götürdüm, evimə silah və narkotik atan şəxsin bu Quranın üstündən keçməsini, özümə xəsarət yetirməklə bağlı onlara xəbərdarlıq etdim. Ərim onlardan məhkəmə qərarını tələb etdi. Müstəntiq qərarı göstərdi, ona baxanda bildik ki, mənim və qaynımın evində silah və sursat saxlanması sübut olunduğu yazılıb.
Onlar axtarışa başladılar. Evin əşyalarını, avadanlıqları izah etmədən dağıtdılar, guya axtarış aparırdılar. Əslində bizə və qardaşlarıma təzyiq etmək üçün bunu edirdilər.

Bütün bu baş verənlərə səbəb qardaşım Mətləb Mustafayevin Əmlak Komitəsindən qanunsuz işdən çıxarılması ilə bağlı şikayətləri olub. Kərəm Həsənov Eldar Mahmudovla dostdur deyə, bu işlər sifarişlə qurulub. Qardaşım Malik Mustfayevin intihar etməsinə isə inanmıram".

Elçin Quliyev isə bildirib ki, Malik və Mətləb Mustafyevlərin epizodu üzrə heç bir günahı yoxdur. Onun sözlərinə görə, Malik Mustafayevin intihar etməsinə səbəb qardaşı Mətləb Mustafayevin məsuliyyətsiz olmasıdır: "Malik Mustafyev peşəkar işçi idi, onunla münasibətlərimiz olub. Sonuncu dəfə Malik Mustafyevlə xidməti otağımda görüşmüşük. Həmin zaman onun mənə dediklərini qapalı iclasda deyəcəm".

Elçin Quliyev bildirib ki, axtarışları Antiterror Mərkəzi aparmayıb.

Mətləb MustafAyev isə bildirib ki, Antiterror Mərkəzinin əməkdaşları Ramin Əliyev, İsmayıl Ənsərli, Samir Bayrmov axtarışda iştirak ediblər. Həmin şəxslərin axtarışda nə məqsədlə iştirak etdiyi haqda suala Elçin Quliyev cavab verə bilməyib.

Növbəti proses avqustun 18-də davam edəcək.


Müəllif: Hacı Zeynalov