22 İyul 2014 13:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla cinayət törətməkdə təqsirli bilinən Gülağa Lətifovun məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu ilin fevralın 23-də saat 20.00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib.

Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.

Istintaq araşdırması zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Yaranmış münaqişədə Gülağa Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə Gülağa Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib.

Hadisə zamanı güllə yarası alan Akif Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

Gülağa Lətifov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı avqustun 4-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif: