22 İyul 2014 16:46
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər prokurorluğu və Baş Polis idarəsinin Nəsimi rayonunda törədilən qətllə bağlı birgə məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, paytaxtın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonunda törədilmiş daha bir qətlin “isti izlər”lə açılması təmin edilib.

Belə ki, iyulun 11-də 1983-cü il təvəllüdlü Əliyeva Natəvan Telman qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Həmin faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, N.Əliyevanın yaşadığı mənzildə hadisədən əvvəl mebel quraşdırmış Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Tərlan Rahib oğlu tamah məqsədi ilə iyulun 10-da həmin mənzilə gəlib və üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb.

Daha sonra o, mənzildə axtarış apararaq N.Əliyevaya aid qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıb.

Cinayətin T.Tahirov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, iyulun 22-də tutularaq istintaqa cəlb olunub. T.Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.

N.Əliyeva "Qarant Sığorta" şirkətinin əməkdaşı olub.

Hacı Zeynalov


Müəllif: