12 Avqust 13:01

Bakıda iki əcnəbi vətəndaşı bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edən şəxslər könüllü olaraq polis bölməsinə gəliblər.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən xəbərdə bildirilir ki, avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşın əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla qorxutmaqla 15000 manat pul vermələrini tələb edib, tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər.

Məlumata görə, hadisəni törədən Bakı şəhər sakini Elvin İsrafilov və Sumqayıt şəhər sakini Cəfər Musayev könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə gəliblər. E.İsrafilov və C.Musayev adları açıqlanmayan əcnəbilərin həmin şirkətin səyahət paketini almaq üçün onlardan 1500 ABŞ dolları alaraq vədlərinə əməl etmədiklərini bildiriblər.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com