22 Avqust 2017 12:16
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qızıl alverçilərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Yasəmən Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

O, müdafiə etdiyi şəxsin səhhətində problem olduğunu və tibbi ekspertizanın keçirilməsini istəyib. Vəkilin sözlərinə görə, Yasəmən Nəcəfova müalicə müəssisəsində saxlanılır.

Məhkəmə vəsatəti əsassız sayaraq təmin etməyib.

Yasəmən Nəcəfova dəymiş zərəri ödəmək üçün məhkəmədən vaxt istəyib. O, evini sataraq zərərçəkmişlərin pulunu qaytaracağını deyib.

Hakim məhkəmə istintaqının tamamlanması barədə qərarı açıqlayıb və çıxış etmək üçün dövlət ittihamçısına söz verib. Dövlət ittihamçısı isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti proses sentyabrın 7-də davam edəcək.

Yasəmən Nəcəfova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

İttihama görə, Yasəmən Nəcəfova qızıl alveri ilə məşğul olan Bakı şəhər sakinləri - Naibə Həsənova və Gülnarə Cəlalovanın şikayəti əsasında həbs edilib.

İstintaq müəyyən edib ki, Yasəmən Nəcəfova Naibə Həsənovadan 15 min manat, Gülnarə Cəlalovadan isə 53 min manat dəyərində qızıl-zinət əşyaları alıb.

Bundan 3 il müddət keçsə də, Yasəmən Nəcəfova hər iki qadına məxsus qızılların pulunu ödəməyib.


Müəllif: Hacı Zeynalov