22 Avqust 2017 13:48
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Səbuhi Vəliyevin cinayət içi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Fəridə Mirzəcanova ifadə verib.

Fəridə Mirzəcanova deyib ki, Səbuhi Vəliyev ona 57 min manat ziyan vurulub: “Bizi ailəvi dostumuz Həsənağa tanış etdi. O dedi ki, Səbuhiyə 20 min manat pul lazımdır, biznes qurur, evini də girov qoyacaq. Problem olmadığını söylədim. Səbuhi dedi ki, zeytunluq bağı var, oranın torpağını özəlləşdirmək üçün 60 min manat da lazımdır. Baxdım ki, yaxşı biznesdir, ortaq olmağa dəyər. 57 min toplayaraq ona verdim.

5 ay keçəndən sonra Səbuhidən biznes işini soruşdum. Dedi ki, bu söhbət uzanır. Onu yenə də gözlədim. Hər dəfə onu çağıranda gəlirdi, amma bir bəhanə ilə söhbətdən yayınırdı”.

Fəridə Mirzəcanova qeyd edib ki, Səbuhi ona sənədlərin düzəldiyini söyləyib və ondan şəxsiyyət vəsiqəsini istəyib: “Bildirdi ki, adıma bankda hesab açmağa görə lazımdır. Nəisə, bankda adıma hesab da açdırdı. Bir müddət keçəndən sonra ondan xəbər olmadı. Evlərinə gedəndə dedilər ki, Səbuhi tutulub. Bildiridilər ki, narahat olmayın, işi həll edib, onu tezliklə buraxaxaqlar. Məhkəmədən 57 min manat pulumu tələb edirəm”.

Səbuhi Vəliyev Fəridə Mirzəcanovadan 57 min manat pul aldığını inkar edib: “Pulu Həsənağa götürüb, alqı-satqı işini də o görüb. Arada mənim evim getdi. Fəridə xanım əvvəl belə danışmadı. Dedi ki, məhkəməyə gəlib şikaytimi geri götürəcəm”.

Növbəti proses avqustun 31-də davam edəcək.

İttihama görə, Səbuhi Vəliyev zərərçəkmiş Fəridə Mirzəcanovanın 57 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.


Müəllif: Hacı Zeynalov