11 Sentyabr 2017 11:37
2 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda arvadını və baldızını qətlə yetirməkdə ittiham olunan “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası, 55 yaşlı Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihana münasibətini açıqlayan Qurban Hüseynov özünü təqsirli bilib. O, qətli törədən zaman özündə olmadığını deyib: "Hadisə günü işdən çıxandan sonra evə gəldim. Evdə arvadımdan yemək istədim. Amma o mənə yemək vermək əvəzinə yatmışdı. Buna görə mübahisəmiz düşdü. Arvadım məni söyüb təhqir elədi. Dedi ki, sən kişi deyilsən, dur burdan çıx. Mən də evdən bayıra çıxdım”.

Qurban Hüseynov daha sonra baş verənləri xatırlamadığını deyib: “Törətdiyim əməldən peşmanam. Ailəmi məhv etmişəm. Baldızımın qızını öz uşaqlarımdan da çox istəyirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ilə mübahisələri tez-tez yaranırmış: “Səbəb də göstərirdi ki, cavanlıqda ona çox zülm etmişəm. Münasibətimiz əvvəllər çox yaxşı olub. Həm də biz evlilikdən əvvəl qohum olmuşuq. Kənardan baxanlar bizə qibtə edirdi. İndi çox peşmanam. Hadisə vaxtı sanki özüm deyildim. İstəməzdim, belə hadisə olsun”.

Təqsirləndirən şəxsin sözlərinə görə, işində ayda 1300 manat əməkhaqqı alıb: “Maaşımdan maşınımın krediti ödəyirdim, qalanını da evə verirdim. Özüm də idarədən əlavə Bakı-Sumqayıt avtobusu sürürdüm. O vaxtdan əsəblərim pozulmuşdu. Hər il müalicə alırdım”.

Daha sonra qətl yetirilən şəxsin bacısı hüquqi varis qismində dindirilib.

O bildirib ki, bacısı 30 il çörək zavodunda işləyib: “Bacımın əri ilə münasibətləri çox yaxşı idi. Qurban pis oğlan deyildi. Uşaqlarını evləndirmişdi. Son 6 ayda münasibətləri korlanmışdı. Bu barədə Qurbandan soruşdum. Dedi, bacın sözümə qulaq asmır. Bacımın yanına getdim, o da dedi ki, Qurban özündən tez-tez çıxır”.

Hüquqi varis qeyd edib ki, bacısından çox yetim qızın öldürülməsinə pis olub: “O qız yetim idi. Birinci mən onu qəyyumluğa götürmüşdüm. Sonra bu bacım götürdü. O qız o evdə nökər kimi işləyirdi. Rəhilə səhər-səhər buz kimi suyla Qurbanın maşınını da yuyurdu. Bir sözlə nökərlik, hambalıq edirdi. Yazıq Rəhilə mart ayında nişanlamışdı. Qanunla cəza istəyirik. Bacım ömürlük getdi, Rəhilə ömürlük getdi, ən ağır cəzanı istəyirəm”.

Daha sonra “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynov ifadə verib. O, qeyd edib ki, hadisə olandan yarım saat sonra evə gəlib: “Təsadüfən evə gəldim. Gördüm ki, anam və xalam qızı qanlar içində yerdədir. Heç nə soruşmadım. İndi nə şikayətim var, nə də tələbim. Valideynimdir. Gərək belə olmazdı”.

Prokurorun suallarına cavab verən müğənni bildirib ki, ailədə münasibətlər normal idi: “Sadəcə son vaxtlar, əsasən mən evlənəndən sonra münasibətləri pisləşdi. Durduqları yerə dalaşırdılar. Aradan pərdə götürülmüşdü. Hadisə yemək üstündə olmayıb. Atama yeməyi anam yox, Rəhilə veriridi. Son illər heç yola getmirdilər. Atamın əsəbləri yerində deyildi. Bir də gördün ki, işdən əsəbi gəlib, yersiz yerə anamla dalaşırdı. Məncə, anamı öldürəndən sonra Rəhiləni affekt halında öldürüb. İnanmazdım ki, atam belə qətl törədər”.

İttihama görə, qətl hadisəsi Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Fəraiz Hüseynovanı küt alətlə öldürüb.

O, evdə olan baldızı, 18 yaşlı Rəhilə Əsgər qızı Amur-Təbrizini də qətlə yetirib. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olubmuş.

Qurban Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qurban Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov