11 Sentyabr 2017 12:28
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan ölkəmizə külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Vüsal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Teleqraf.com xəbər verir ki, Vüsal Həsənov 29 dekabr 2016-cı ildə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 93,411 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edib.

O, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə narkotik vasitəni 5 ədəd polietilen bükülülərdə qablaşdırıb və düz bağırsağında yerləşdirib. Həmin gün, saat 20 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərkən saxlanılıb.

Vüsal Həsənova Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.3-cü (qanunsuz olaraq külli narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun barəsində Cinayət Məcəlləsinin 93-1.2-ci maddəsi tətbiq olunmaqla tibbi xarakterli məcburi tədbirlər təyin edilib.

Məhkəmə onun cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması barədə qərar qəbul edib.

Hökmdən narazı qalan Vüsal Həsənov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasını daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.

Vüsal Həsənovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Vüsal Həsənovun apelyasiya şikayəti təmin edilməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


Müəllif: Hacı Zeynalov