11 Sentyabr 2017 13:07
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyevin barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edlib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Mehman Əliyevin vəkili Fuad Ağayev bildirib ki, istintaq orqanı təqdimatla, müstəntiq isə vəsatətlə Yasamal Rayon Məhkəməsinə müraciət edib: "İstintaq orqanı müraciətdə bildirilib ki, Mehman Əliyevin barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin. Məhkəmə təqdimatı və vəsatəti təmin edib. Mehman Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib”.

İttihama görə, Vergilər Nazirliyi Turan İnformasiya Agentliyi MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Məlum olub ki, Turan İnformasiya Agentliyi MMC-nin direktoru Mehman Əliyev qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulan funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanununun tələblərini pozub.

Onun 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov