11 Sentyabr 2017 16:09
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Parabank”a qarşı dələduzluq etməkdə təqsirləndirilən Sevda Kərimovanın barəsində olan hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

“Parabank”ın təqsirləndirilən şəxsə qarşı 12 min 500 manat dəyərində mülki iddiası təmin edilib.

Lakin dövlət ittihamçısının təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib.

Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması barədə şikayəti isə baxılmamış saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevda Kərimovanın barəsində şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Sevda Kərimova “Parabank”ın Nəsimi filialının sabiq əməkdaşı olub. O, bankın 124 min 454 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Sevda Kərimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldiuldikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Məhkəmə istintaqı dövründə banka dəymiş ziyanın böyük bir hissəsi ödənilib.


Müəllif: Hacı Zeynalov