11 Sentyabr 2017 17:19
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən “Zaminbank” ASC-də xəzinədar vəzifəsində işləmiş 1972-ci il təvəllüdlü Eldar Salmasinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Kamran İsmayılov ifadə verib.

Kamran İsmayılov bildirib ki, “Azərsun” holdinqdə piar mütəxəssisi işləyir, 100 min manat zərər görüb: “Tikinti şirkətlərindən birində evim var idi. Pulunun bir hissəsini ödəmişdim. Sonra evi satdım, qalan borcumu bağladım. Yerdə qalan pulu da Eldarla məsləhətləşdikdən sonra dollara çevirməyə qərar verdim. Həmin ərəfədə dollar bahalaşırdı. 100 min verdim, 25 mini qaytardı. Məqsədim daha sonra dolları baha qiymətə satıb, qazanc əldə etmək idi”.

Prokuror zərərçəkmişə pulu sələmə verib-verməməsi ilə bağlı sual ünvanlayıb. Çünki təqsirləndirilən şəxs zərərçəkmişlərdən pulu borc və ya sələmə götürdüyünü deyib. Kamran İsmayılov pulu sələmə vermədiyini bildirib.

Digər zərərçəkmiş Elmir Allahverdiyev qeyd edib ki, əvvəlcə 93 min manat, sonra da 207 min manatı Eldar Salmasiyə verib: “Məqsədim pulu dollara çevirmək idi. Eldarı tanıdığım günə daş düşəydi... Onu bankdan tanımışam. Özüm tikinti şirkətində icraçı direktor işləyirəm. Cəmi 300 min manat vermişəm. Bir qəpiyini də geri almamışam”.

Daha sonra zərərçəkmiş şəxs qismində “Akkord” tikinti şirkətində mütəxəssis işləyən İdris Mollayev ifadə verib: “Təqsirləndirilən şəxslə uzaq qohum olmuşam. Ona 48 min dollar vermişəm. Baha qiymətə manata dəyişəcəkdi”.

Maşın bazarında alverlə məşğul olan Kamandar Quliyev isə deyib ki, Eldar Salmasiyə 23800 dollar verib: “Həmişə mənim pul köçürməmi Eldar edib. Mən də ona inanmışam”.

Növbəti proses sentyabrın 15-də davam edəcək.

Eldar Salmasi özünü təqsirli bilmir. O, həmin pulları borc adı ilə aldığını söyləyib.

İttihama görə, Eldar Salmasi “Zaminbank” ASC-də xəzinədar vəzifəsində işləyib. O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməlini törədib. Eldar Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib.

O, 1 milyon manatlıq dələduzluqda ittiham edilir.


Müəllif: Hacı Zeynalov