13 Sentyabr 10:12

Bakıda qayınanasını qətlə yetirməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elçin Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xəzər rayonu, Binə qəsəbəsindəki Vərəm Dispanserində tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.

Hadisəni törədən Elçin Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib. Elçin Hüseynov dispanserə gələrək qayınansından qızını geri göndərməsini tələb edib.

Fərqanə Mürsəlova isə ona rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.


Müəllif: Hacı Zeynalov