13 Sentyabr 2017 10:46
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xuliqanlıqda təqsirli bilinən iş adamı Azadxan Xanməmmədov və “Riyad” mühafizə xidmətinin əməkdaşları Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Binəqdi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Növbəti iclasda onlar sərbəst ifadə verəcəklər.

Növbəti proses sentyabrın 19-da davam edəcək.

İttihama görə, bu il iyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi, 1 ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb.

Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb. İnsidentin səbəbinə gəlinc, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb, amma sənədləri rəsmiləşdirməyib, əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib. O, mağazanın boşaldılması üçün “Riyad” Mühafizə Xidmətinə müraciət edib.

Hadisə ilə bağlı Azadxan Xanməmmədov, Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayev saxlanılaraq istintaqa cəlb olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə ittiham edilirlər.


Müəllif: Hacı Zeynalov