18 Sentyabr 2017 18:49
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunda evlərdən 12 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər polis əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlığa, xüsusən qeyri-aşkar şəraitdə mülkiyyət əleyhinə törədilən cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Sabunçu rayon Polis İdarəsi12-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub.

Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov oğurladıqları qızıl-zinət əşyalarını metronun “Gənclik” və “Neftçilər” stansiyalarının yaxınlığında yerləşən qızıl qəbulu məntəqələrinə 4500 manata satıblar.

Faktla bağlı toplanan material Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov