23 Sentyabr 2017 10:20
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Xədicə İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı məhkəmənin çıxardığı qərardan apelyasiya şikayəti verib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Xədicə İsmayılın şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

İş hakim Namiq Məmmədovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası sentyabrın 25-nə təyin edilib.

2014-cü ilin dekabrında həbs edilən Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xədicə İsmayıl apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

2016-cı il mayın 25-də Ali Məhkəmə Xədicə İsmayılın cəzasını 3 il 6 aya endirib və cəzanı şərti həbs edərək, onu azadlığa buraxıb.

Xatırladaq ki, daha əvvəl də Xədicə İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xədicə İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin olunmuş sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından kənara çıxışına qoyulmuş məhdudiyyətin götürülməsinə dair yenidən ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib.

Bu qərardan Xədicə İsmayıl yenidən apelyasiya şikayəti verib.


Müəllif: Hacı Zeyanlov