25 İyul 2014 20:34

Dələduzluq, mənimsəmə, vergidən yayınmaqda ittiham olunan “Şəki-Bazar” ASC-nin İdarə Heyətinin sabiq sədri Ürfət İbrahimovun məhkəməsi keçirilib. Onun cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Teleqraf.com-un xəbərinə görə, Ürfət İbrahimova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham edilib.

Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ürfət İbrahimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona 5 il 9 ay 17 gün müddətinə şərti cəza təyin edilib. Ürfət İbrahimov məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə Ürfət İbrahimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci və 193-1.3.2-ci maddələri ittihamdan xaric edilib.

İttihama görə, Ürfət İbrahimov 2001-ci ilin aprelin 10-dan 2010-cu ilin may ayının 10-dək Şəki-Bazar” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyib. Təqsirləndirilən şəxs 20-dən çox vətəndaşı aldadaraq bazarın ərazisində yeni mağazaların tikilməsi üçün aldadıb. O, həmin şəxslərdən külli miqdarda pul alaraq mənimsəyib. Zərərçəkmşlərinm əksəriyyətindən çoxu 2 və 3-cü qrup əlildir.

Hökmdən narazı qalan zərərçəkmişlər apelyasiya şikayəti üzrə hökm elan edən hakimə müraciət ediblər. Amma apelyasiya şikayətinin müddəti başa çatdığı üçün zərərçəkmişlərə mülki qaydada iddia qaldırmaları üçün rəsmi cavab verilib.

Hacı Zeynalov


Müəllif: