11 Oktyabr 15:26

Şakro Molodoyun həbsindən sonra uzun müddət davam edən mübahisəyə nöqtə qoyulub - Rusiya mafiyasına yeni lider seçilib.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, Şakro Molodoyun (Zaxari Kalaşov) həbsdə olduğu müddətdə oğru dünyasına rəhbərliyi onun yaxın tərəfdaşı, “obşak”ın baş xəzinədarı, 42 yaşlı Kaxaber Parpaliya (Kaxa Qalskiy) həyata keçirəcək.

Kaxa bir gün də həbsxanada yatmayıb. Amma buna baxmayaraq, o, məşhur avtoritetlər Yuri Piçuqin və Vasili Xristoforovu geridə qoyaraq liderliyi ələ keçirib.

Kriminal aləmin seçkiqabağı gərgin dönəmi hələ 2017-ci ilin yanvarında - Şakro Molodoyun dəmir barmaqlıqlar arxasında xeyli müddət qalacağı bəlli olandan sonra başladı.

Oğru dünyasının əsas postu uğrunda iki - Slavyan və Qafqaz klanı mübarizə aparırdı. İlk olaraq Vasili Xristoforovun (Vasya Xristos) dəstək verdiyi Yuri Piçuqin liderliyə iddia etdi. Digər namizədlərsə Vladimir Tyurin (Tyurik), Oleq Şişkanov (Şişkan) və Aleksey Petrov (Petrik) idi.

Fevralda Komidə polis Piçuqini saxladı. O, uzun müddət regionda biznesmenlərin “qorxulu yuxusu” olan cinayətkar dəstəni yaratdığı üçün həbsxanaya atıldı. Beləcə Piçuqin seçkiöncəsi mübarizədə sıradan çıxdı.

Qafqaz klanı isə bir çox qruplara ayrıldığı üçün vahid namizəd haqda qərar verə bilmirdi. Mümkün olan namizədlər arasından baş oğru tacına hazırda Yunanıstanda yaşayan və Merab Canqvaladzenin (Merab Suxumskiy) qatı düşməni olan Laşa Şuşanaşvilinin (Laşa Rustavskiy) namizədliyi irəli sürüldü. Merab Suxumski hazırda İtaliyada yaşayır. Bundan başqa Şakro Molodoyun sağ əli olan Kaxa Qalskiy və qətlə yetirilən avtoritet Ded Xasanın bacısı oğlu Aslan Usoyanın da namizədliyi müzakirə olunurdu.

Laşa Rustavskiy və Merab Suxumskiy də oğru dünyasında böyük nüfuza malikdir, amma bu aləmi tamhüquqlu, sakit idarə etmək üçün seçiləcək şəxs Rusiyada yaşamalıydı. Adı çəkilən iki şəxs isə bu tələbə uyğun gəlmirdilər. Birincinin Rusya vətəndaşlığı 2005-ci ildə ləğv olunub. Merab Suxumskiy isə bir müddət əvvəl Rusiya Miqrasiya Xidmətindən ölkəyə girişinə ömürlük qadağa qoyulması haqda bildiriş almişdı.

Buna baxmayaraq, onların hər biri həm slavyan klanına məxsus avtoritetlər, həm də digər nüfuzlu oğrulardan dəstək almaqla namizədliklərini irəli sürdülər. Təxminlərə görə, həmin şəxs qalib gələcəyi təqdirdə idarəçiliyi koalisiya şəklində paylaşacaqdı. Amma bütün bu qrupların həbsxanalardakı qarşıdurma və konfliktləri az qala iri miqyaslı müharibəylə qurtaracaqdı...

Seçki öncəsi baş verənlərdən Şakro Molodoy özü də məyus idi. O, SİZO-dan heç bir seçki keçirilməməsi haqda xəbər də göndərmişdi.

Lakin uzun danışıqlardan sonra Piçuqin və Vasya Xristoforovun dəstəyi ilə oğru dünyasının kralı postuna Kaxa Qalskinin seçilməsi qərarlaşdırılıb.

Kaxa Qalski 1975-ci ildə Qalidə anadan olub. Oğru dünyasındakı titulunu isə 1999-cu ildə Moskvada alıb. Kaxanın iştirak etdiyi oğru məclislərinə dəfələrlə polis basqın etsə də, o, həmişə qaçıb aradan çıxa bilib.

Kaxa Ümumrusiya kriminal aləminin xəzinədarı olduğu üçün Şakro Molodoyun ən yaxın adamı sayılır. Onların malikanəsi Moskva vilayətinin Odinsov rayonunda yerləşir. Məlumata görə, Şakronun həbsindən sonra Kaxa faktiki onun görəvini yerinə yetirib, regionlardan gələn üzvlük haqqlarını toplayıb, “obşak”a nəzarət edib, bəzi məsələlərlə bağlı müstəqil qərarlar verib. Eyni zamanda Şakronu hər şeydən xəbərdar edib.

Sonuncu dəfə onu bu ilin iyununda Novosibirskdən gələn və “obşak”a rəhbərliyə iddia edən Pavel Brusensevlə (Paşa Beşennıy) Moskvada görüşərkən həbs ediblər. Amma o, yenə sudan quru çıxıb.

Bununla belə Kaxa Qalskinin güclü müxalifəti var. Söhbət lideri 2016-cı ildə öldürülən Azərbaycan klanından gedir. Bu klana Rövşən Lənkəranskidən sonra Nadir Səlifov (Lotu Quli) rəhbərlik edir. Oğru dünyasının kralı olmaq istəyən namizədlərdən biri də Nadir Səlifov idi. Amma onun indi başqa qayğıları var. Hazırda Loti Qulinin klanının təsir sferasında dəyişikliklər gedir.

Xatırladaq ki, Zaxariy Kalaşov 2016-cı ilin iyulunda Moskva ətrafındakı Odinovski rayonundakı elit malikanəsində həbs edilib. Oğru dünyasının kralı əleyhinə Moskvanın Roçdelski küçəsində "Element" restoranında atışma zamanı həbs edilən iki məhbus ifadə verib. Onların dediyinə görə, Kalaşov Janna Kim adlı iş adamının müəssisəsindən 8 milyon rublun ələ keçirilməsi planına rəhbərlik edib. Deyilənə görə, qadın həmin məbləği dizayner Fatimə Misikovaya məkanin qeydiyyatı üçün veribmiş.


Müəllif: Nahid