11 Oktyabr 14:44

Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan rayon sakini Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, Gülnarə Saypullayeva Azərbaycan dilini yaxşı bilmir. O, orta məktəbdə 6-cı sinfə qədər oxuduğunu, fermada böyüdüyünü söyləyib.

Qeyd edib ki, anası da, atası da milliyətcə ləzgidir. İfadəni rus dilində verə bilər. Buna görə də Gülnarə Saypullayeva tərcüməçi ilə təmin edilib.

Məhkəmə baxışı oktyabrın 18-nə təyin edilib.

İttihama görə, 2017-ci il iyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat verib.

Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib.

Amma ekspertizanın rəyindən sonra məlum olub ki, qızcığaz zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirtdiyini bildirib.

Gülnarə Seypullayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov