11 Oktyabr 2017 17:23
3 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəzifə səalhiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Azərtürkbank ASC-nin Bakı filialının sabiq müdiri İlham Mahmudovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, İlham Mahmudovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi kasasiya şikayəti təmin edilməyib.

Həmçinin onun cəzasının ağırlaşdırılması ilə bağlı prokuror tərəfindən verilən kasasiya protesti də təmin edilməyib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə İlham Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin 1000 manat miqdarında cərimə olunub.

Məhkəmə İlham Mahmudova təyin edilmiş cəzanın həbsdə yatdığı günlə hesablayıb və bu səbəbdən o məhkəmə zalından azadlıağa buraxılıb.

Hökmdən prokurorluq apelyasiya protesti verərək, İlham Mahmudovun barəsində təyin edilmiş hökmün ləğv edilməsini, onu daha ağır cəza ilə cəzalandırılmasını və həbs edilməsini tələb edib.

İlham Mahmudovun müdafiəçisi də apelyasiya şikayəti verib. Müdafiəçi barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxatrılmasını istəyib.

Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə tərəflərin şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan tərəflər kasasiya şikayəti və protesti veriblər.

İttihama görə, İlham Mahmudov 2015-ci ilin mart ayının 3-dən etibarən Bakı şəhərində “Azərtürkbank” ASC-nin Bakı filialının müdiri olarkən vəzifə saxtakarlığı edib.

O, qardaşının həyat yoldaşı Nuranə Mahmudovanın adına depozit hesabları açıb, həmin hesablara 5 əmanət müqaviləsi üzrə ümumilikdə 103.000 manat pul köçürüb.

Bundan başqa, o, qardaşı İlqar Mahmudovun adına 10 min ABŞ dolları, onun həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min avro pul vəsaitləri qoyulub.

Daha sonra o, 2015-ci ilin iyulun 16-da həyat yoldaşı Kəmalə Mahmudovaya cari hesab açaraq ora 1100 manat mədaxil olunmasını təşkil edib. İlham Mahmudov etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə edib.

Həmçinin İlham Mahmudov 4 noyabr 2015-ci ildə qardaşı Vüqar Mahmudovun sürücüsü Nicat Məmmədovun istifadə etdiyi Kapitalbank ASC-yə aid plastik bank kartını dəyişmək adı ilə aldadıb və işlədiyi filiala dəvət edib. Onun etibarından istifadə etməklə Nicat Məmmədova hər hansı məlumat vermədən adına bank hesabı açıb. Hesabı açandan sonra o, Nicat Məmmədovun xəbəri olmadan rəhbərlik etdiyi bank filialında qardaşı Vüqarın həyat yoldaşı Nuranə Mahmudovanın adına köçürülmüş 1.530.000 ABŞ dollar məbləğində pul qanunsuz olaraq çıxarıb.

İlham Mahmudov 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən İlham Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.


Müəllif: Hacı Zeynalov