11 Oktyabr 2017 18:08
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə iki ay əvvəl törədilən cinayətin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, bu il avqustun 23-də gecə saat 03 radələrində 2 maskalı şəxs Yenikənd kəndindəki mənzillərdən birinə girərək ev sahibəsini döyüb, evdən 5500 manat, 9200 ABŞ dolları və 20000 manat dəyərində qızıl əşyalar aparıblar.

Baş Cinayət Axtarışı İdarəsi və Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Səfail Yunusov saxlanılıb. Baxış zamanı onun yaşadığı evin həyətindəki ağacın altında bankada basdırdığı oğurluq qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.

Səfail Yunusov cinayəti tamah məqsədi ilə törətdiyini etiraf edib.

İlkin təhqiqat zamanı onun quldurluq hadisəsini həmyerlisi Rahim Mirzəyevlə birgə törətdiyi, oğurladıqları pulları və qızıl-zinət əşyalarını isə aralarında böldükləri müəyyənləşib.

Məlum olub ki, Rəhim Mirzəyev əvvəllər oğurluğa, qəsdən sağlamlığa ağır zərərvurmaya görə üç dəfə məhkumluq həyatı yaşayıb.

Bu il martın 22-də Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovu qətlə yetirdiyinə görə avqustun 26-da polis əməkdaşları tərəfindən saxlanılıb, cinayətin aləti olan silah isə yaşadığı evin həyətində aşkar edilərək maddi sübut kimi götürülüb.

R. Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. R. Mirzəyev həm də quldurluq maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Faktla bağlı Kürdəmir RPŞ-də CM-nin 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. S. Yunusov həmin cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov