12 Oktyabr 12:41
178

Jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baş tutan prosesdə Əfqan Muxtarlının vəkili Elçin Sadıqov hakimə etiraz edib.

Bu səbəbdən həbs qətimkan tədbiri müddətinin artırılması barədə məhkəmə iclası təxirə salınıb. Növbəti iclas sabah keçiriləcək.

İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, daha sonra isə onun həbs müddəti daha 2 ay uzadılıb.


Müəllif: Hacı Zeynalov