13 Oktyabr 2017 08:57
2 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada soyğunçuluqda təqsirləndirilən Qusar rayon sakinləri - 1991-ci il təvəllüdlü Rəşad Hacıyev və onun tanışı, 1992-ci il təvəllüdlü Qızbahar Qəribovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, onlar cinayət əlaqəsinə girərək Asəf Abdullayevə qarşı soyğunçuluq edib.

Rəşad Hacıyev 15 aprel 2015-ci il tarixdə, gecə 2 radələrində Quba rayonundakı Qırmızı qəsəbədə Qızbahar Qəribova ilə birlikdə Asəf Abdullayevin mobil telefonunu ələ keçirmək məqsədilə sonuncunu döyüblər. Onlar zorla Asəfin “Nokia-206” markalı mobil telefonunu əlindən alıb, ona 47 manat məbləğində maddi ziyan vurublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək) və 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddələri ilə ittiham edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Hacıyev bildirib ki, aprelin 14-də Qusar şəhərindəki “Xidir” kafesində tanışları Qızbahar və Lalə ilə görüşərək çay içib, söhbət ediblər: “Qızbahar həmin vaxt mənə kiminsə Laləyə zəng edərək pul qarşılığında cinsi əlaqə təklifi etdiyini bildirdi. Dedi ki, onların hər birinə 30 manat pul veriləcək. Saat 21 radələrində Qızbaharla Laləni Qusar şəhər avtovağzalında taksiyə mindirərək Quba rayonuna yola saldım”.

Rəşad Hacıyev qeyd edib ki, aprelin 14-dən 15-nə keçən gecə təxminən saat 1 radələrində Qızbahara zəng edib və onun yerini soruşub: “Qızbahar Qubanın Qırmızı qəsəbəsində olduqlarını, bir azdan gələcəklərini, onları Dağlı kəndinin girəcəyində gözləməyimi xahiş etdi. Tanımadığım taksi ilə ora getdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən bir saat sonra Lalə ilə Qızbahar tanımadığı bir oğlanla gələrək ona yaxınlaşıb: “Qızbahar təlaşla mənə yaxınlaşaraq, onlarla cinsi əlaqədə olan oğlanın 60 manatı vermədiyini bildirdi. Qızbahargili maşınla gətirən oğlanın onlara pul verməyən şəxsin dostu Asəf olduğunu öyrəndim. Asəfə yaxınlaşdım, “Sənin dostun niyə qızların pulunu verməyib?” deyə soruşdum. Asəf isə: “Qızları mən çağırtdırmamışam, onları kim çağırtdırıbsa, gedib ondan soruş, mənim xəbərim yoxdur” - deyə cavab verdi.

Belə olduqda Asəfdən məni qızların pulunu verməyən şəxsin yanına aparmasını istədim. Qızbahar və Asəflə Qırmızı qəsəbəyə getdik, Lalə isə bizi Dağlı yolunda gözləyəcəyini bildirdi.

Asəf bizi bir evin qarşısına gətirəndə Qızbahar oranı tanıdığını, Lalə ilə həmin evdə olduqlarını bildirdi. Lakin qapını döydükdə heç kim cavab vermədi. Evin işıqları da sönülü idi. Asəf “Yusif, Yusif” deyə ucadan çağırsa da, cavab vermədilər, içəridə heç kimin olmadığına inandıq”.

Rəşad Hacıyev qeyd edib ki, Yusifin pulunun Asəfdən tələb edib: “Asəf dedi ki, 60 manatım yoxdur. Bu zaman Asəfə: “Pulun yoxdursa, onda əlindəki telefonu qızlara ver, sən pulu Yusifdən özün alarsan” dedim. Asəf cavabda bildirdi ki, pulum yoxdur, olsa da vermərəm, siz kimsiniz ki, mən telefonu sizə verim. Onun sözlərindən əsəbiləşdim, aramızda mübahisə yarandı. Bir-birimizə nalayiq ifadələr işlətdik, əlbəyaxa olduq. Qızbahar taxta stulla Asəfin ayağına zərbə vurdu. Zərbənin təsirindən Asəf yerə yıxıldı və onun üstünə çıxaraq əlindəki “Nokia” markalı mobil telefonu almağa çalışdım.

Asəf telefonu vermək istəməsə də, güc tətbiq edərək telefonu aldım. Sonra qalxıb Qızbaharla birlikdə oradan qaçdıq. Asəfin telefonu səhəri gün sataraq pulunu Qızbahara vermək məqsədilə özümdə saxladım. Asəfin polisə şikayət etdiyini eşitdikdə, Qızbaharla birlikdə əldə etdiyimiz mobil telefon aparatını polis əməkdaşlarını təhvil verdik”.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək) və 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Hacıyev 5 il, Qızbahar Qəribova isə 2 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Şikayət Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Qızbahar Qəribovanın vəkili Günay Hacıyeva şikayətində göstərib ki, müdafiə etdiyi şəxsin əməli Cinayət Məcəlləsinin 322-ci (özbaşınalıq) maddəsinə tövsüf edilməlidir: “Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilib ki, Qızbahar Qəribova tərəfindən əməl tamah məqsədi ilə yox, ona çatası əmlakı götürmək niyyəti ilə törədilib. Bu halda onun əməli soyğunçuluq kimi tövsif oluna bilməz”.

Rəşad Hacıyev də apelyasiya şikayətində təyin olunan cəzadan razı qalmadığını deyib. Bildirib ki, cinayət işinə ədalətli baxıb və barəsində daha yüngül cəza təyin edilməlidir.

Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Rəşad Hacıyevin cəzası 3 il 6 aya endirilib. Qızbahar Qəribova barəsində birinci instansiya məhkəməsinin təyin etdi 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilmə müddəti təxirə salınıb.

Qərara alınıb ki, Qızbahar Qəribovanın himayəsindəki 2012-ci il təvəllüdlü oğlunun 8 yaşı tamam olandan sonra cəzanın çəkilməsi ilə bağlı hökm icra olunacaq.

Qızbahar Qərivova məhkəmə zalından azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov