13 Oktyabr 2017 11:27
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesində çıxış edən prokuror bir sıra faktlar açıqlayıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutmuş prosesdə prokuror Akif Çovdarov və digər vəzifəli şəxslərin törətdiyi iddia olunan bəzi cinayətlərin sübuta yetirilmədiyini deyib.

Prokuror Akif Çovdarovun işində mənəvi zərərin sübuta yetirilmədiyini qeyd edib və həmin hissədə zərərçəkmişlərin şikayətlərinin təmin edilməməsini istəyib.

İttiham aktına görə, təkcə mənəvi zərərə görə 16 nəfər zərərçəkmiş var. Həmin hissədə ittihamdan imtina edilməsi nəticəsində həmin zərərçəkmişlər avtomatik cinayət işindən xaric edilir.

Prokuror həmçinin maddi zərərçəkmişlərin mülki iddialarının təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Prokurorun məhkəmədə səsləndirdiyi fikirləri təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə özünün Feysbuk statusunda paylaşıb.

Akif Çovdarov və digələrinin cinayət işi üzrə hakimlər hökm qəbul etmək üçün oktyabrın 4-dən müşavirəyə çıxıblar. Gələn həftə hakimlərin müşavirəni bitirməsi gözlənilir.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbs qoyulub.

Prokuror A.Çovdarun 15 il, Səlim Məmmədovun 12 il, O.Osmanovun 9 il, Akif Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Müəllif: Hacı Zeynalov