16 Oktyabr 2017 15:12
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Qorxmaz Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Qorxmaz Sadıqovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti proses oktyabrın 18-də davam edəcək.

İttihama görə, Qorxmaz Sadıqov Feysbuk sosial şəbəkəsində oyun oynayarkən əvvəlcədən tanımadığı Elnur Məmmədovla mübahisə edib. Virtual dostlar arasında oynanılan oyuna Elnurun sonradan qoşulması 19 yaşlı Qorxmazı qəzəbləndirib.

Elnur və Qorxmaz Yasamal rayonunda parklardan birində görüş təyin ediblər. Orxan görüşə çağırdığı Elnurun tək gəlməyəcəyini düşündüyü üçün öz dostlarını da görüşə çağırıb. O, əvvəlcə dostu Əşrəf Hacıyevə, sonra isə hazırda dəmir barmaqlıqlar arxasında olan Qorxmaz Sadıqova zəng edib.

Dostlar birlikdə Elnurla görüş təyin etdikləri parka gəliblər. Orada gənclər arasında mübahisə yaranıb. Bu zaman Qorxmaz Sadıqov Elnur Məmmədova bıçaqla xəsarət yetirib. Elnur Məmmədova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Qorxmaz Sadıqov həbs edilib.

O, Cinayət Məcəlləsinin 126.2.4-cı (qəsdən sağlamlığa ağır zərbə vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) madəsi ilə ittiham olunur.


Müəllif: Hacı Zeynalov