16 Oktyabr 2017 17:15
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə çıxış edən Mirəziz Əsgərovun vəkili Fazil Nəhmədov bildirib ki, müdafiə etdiyi şəxsə bəraət verilməlidir:

“Çünki ona qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilməyib. Zərərçəkmiş Vidadi Əzizovun tutulub MTN-ə gətirilməsi Mirəziz Əsgərovun şəxsi təşəbbüsü ilə olmayıb. Vidadi Əzizov məhkəmə qərarı əsasında izlənilib. Vidadi Əzizov deyir ki, hüquqlarını müdafiə etdiyim şəxsə rüşvəti “Hilton” və “Abşeron” otellərinin yanında verib. Amma bunu təsdiqləyən heç bir sübut yoxdur. Telefon danışıqlarının siyahısından görünür ki, aralarında cəmi bir zəng olub. Mirəziz Əsgərov sadəcə, peşə fəaliyyəti ilə əlaqədar ona verilmiş tapşırıqları icra edib”.

Mirəziz Əsgərov bildirib ki, MTN-ə zərərçəkmiş Vidadi Əzizovun vasitəsilə İrandan hərbi texnika keçirilməsi haqda məlumat daxil olub:

“Qərar verilmişdi ki, əməliyyat qrupu yaradılsın, Vidadi Əzizov gördüyü işin müqabilində pul aldığı yerdə tutulsun. Əməliyyatı xüsusi təyinatlılar həyata keçirib, biz sadəcə, əməliyyata nəzarət eləmişik. Onu xüsusi təyinatlılar saxlayıb MTN-ə, mənim otağıma gətiriblər. Onu dindirmişik, həmin vaxt ondan nə pul istənilib, nə də hədə-qorxu olub. O, bankdan pulu götürüb çıxanda saxlanmışdı deyə, üstündə böyük məbləğdə pul var idi. Məsələnin maliyyə-iqtisadi tərəfinin mənə aidiyyəti yox idi. Mənə tapşırılmışdı ki, bu adamın xarici kəşfiyyatla əlaqələrini araşdırım”.

Mirəziz Əsgərov bildirib ki, Vidadi Əzizovun xarici kəşfiyyata işləməsi tam sübuta yetirilb:

“Hətta o, dindirmə zamanı müəyyən öhdəliklər də götürmüşdü. İrana və ya digər ölkələrə gedəndə bizə məlumatlar gətirməli idi. Mənim onunla bir dəfə telefon əlaqəm bu məsələ ilə bağlı olub. Amma sonradan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi”.

Təqsirləndirilən şəxs bildirib ki, Vidadi Əzizovun sahibkarlıqla məşğul olması haqda deyilənlər yalandır: “Vidadi Əzizov özü məhkəmədə dedi ki, sahibkarlıqla məşğul olduğu müqavilələrdə “tam məxfi” yazılıb. O necə sahibkar idi ki, müqavilələrində “tam məxfi” yazılıb. “Tam məxfi” ancaq kəşfiyyat orqanlarına aid işarədir”.

Növbəti proses oktyabrın 23-də davam edəcək.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mirəziz Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 1 il 6 ay rəhbər vəzifə tuta bilməz. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib.

Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və evindən götürülmüş pul Mirəziz Əsgərovun özünə qaytarılması barədə qərar qəbul edilib.

Mirəziz Əsgərovun özü də məhkəmə hökmündən apelyasiya şikayəti verib. O, günahsız olduğunu, Vidadi Əzizov tərəfindən şərlənməsi nəticəsində həbs edildiyini qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin hökmündən apelyasiya şikayəti verən zərərçəkmiş iş adamı Vidadi Əzizov təqsirləndirilən Mirəziz Əsgərovun cəzasının ağırlaşdırılmasını istəyib.

İş adamı Mirəziz Əsgərova qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat mülki iddiasının təmin olunmasını tələb edib.

Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Mirəziz Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququnu itirməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Dövlət ittihamçısı Vüqar Quliyev söyləmişdi ki, zərərçəkmiş Vidadi Əzizov Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat və Mirəziz Əsgərova qarşı isə 193 min manatlıq mülki iddia qaldırıb: “Zərərçəkmiş dövlətə qarşı iddiasını əsaslandıra bilməyib. Qeyd edib ki, vəzifəli şəxs ona qarşı cinayət törədibsə, dövlət məsuliyyət daşıyır. Vidadi Əzizova qarşı 2012-ci ildə cinayət törədilib və bu müddət ərzində müvafiq qurumlara müraciət etməyib. Yalnız 2015-ci ildə rəsmi müraciət edib.

Vətəndaşın şikayəti ilə bağlı ciddi tədbir görülüb. Buna görə də onun dövlətə qarşı mülki iddiası tam rədd edilməli, Mirəziz Əsgərova qarşı iddiası isə baxılmamış saxlanılmalıdır”.

Prokuror əlavə edib ki, Mirəziz Əsgərovun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı tədbirin görülməsi məhkəmənin mülahizəsinə buraxılsın.

İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.

Daha sonra Mirəziz Əsgərov Vidadi Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.


Müəllif: Hacı Zeynalov