17 Oktyabr 2017 15:47
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən Bayram Vəliyev və Məhəmməd Məmmədovun məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra hakim bildirib ki, təqsirləndirilən Vidadi Zeynalovun ailəsi də apelyasiya şikayəti veriblər. Onlar Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş əmlaklarla bağlı məhkəməyə müraciət ediblər.

Vəkil Ceyhun Yusifov qeyd edib ki, maraqlı şəxslərin məhkəmədə iştirakı bərpa edilsin.

Növbəti proses oktyabrın 24-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.

Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhrab Hümbətov, Cəfər Cəfərov və Bayram Vəliyevəin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənməsinə yönəldiləcək.

Məhəmməd Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib.

Məhkum olunan şəxslər apelyasiya şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.


Müəllif: Hacı Zeynalov