17 Oktyabr 2017 21:57
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz silah saxlamaqda və gəzidrməkdə ittiham olunan Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Aruz Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Aruz Həmidov “Kalaşnikov” və “AK74” markalı avtomatı, həmin silahlarda istifadə oluna bilən 27 ədəd patronu və bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan zavod üsulu ilə hazırlanmış sandıqçanı əldə edib.

Aruz Həmidov 5 sentyabr 2015-ci il tarixdə, saat 06.30 radələrində Siyəzən rayon polis şöbəsi tərəfindən rayonunun Zarat kəndi ərazisində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış keçirilərkən həmin silah-sursat ondan aşkar olunub.

Aruz Həmidov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Siyəzən rayon Məhkəməsində araşdırılıb.

Aruz Həmidov məhkəmədə ilkin ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonunun Çərəkə kəndində yaşayır: “19 avqust 2015-ci il tarixdə işləmək üçün Bakı şəhərinə getdim. Həmin vaxtdan Bakı şəhər Nərimanov rayonunda Türk Liseyinin yanında olan kafenin söküntüsündə fəhlə kimi işləmişəm, həm işdə, həm də parkda gecələmişəm. Sentyabrın 4-də, saat 20 radələrində Nərimanov parkında oturacaqda tək oturan zaman tanımadığım 40-45 yaşında olan bir kişi gələrək yanımda oturdu. Həmin şəxs məndən hansı rayondan olduğumu, nə işlə məşğul olduğumu soruşdu. Ona Göyçay rayonundan olduğumu və fəhlə işlədiyimi dedim. Həmin şəxs adının Elmir olduğunu, fəhlə yığaraq söküntü işlərinə briqadirlik etdiyini, lazım olsa mənə də iş tapa biləcəyini söylədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2-3 saat parkda söhbət edəndən sonra Elmir ona birlikdə çay içməyi təklif edib: “Parkın ətrafındakı çayxanaya gəldik. Çay içib söhbət edən zaman Elmir mənimlə yoldaşlı Siyəzən rayonuna getməyimi, orada bir nəfərə sellofan torba verib qayıdacağımızı dedi. Elmirlə razılaşaraq tanımadığım taksi ilə Siyəzən rayonuna “Beş Barmaq” adlanan pirin yanına gəldik. Saat 17 radələrində taksidən düşüb orada olan kafelərdən birində oturduq. Oraya gələn zaman Elmirin əlində göy sellofan torba olduğunu gördüm”.

Aruz Həmidov bildirib ki, kafedə oturandan sonra Elmir ona əlindəki göy sellofanda silah olduğunu, silahı satmaq üçün gətirdiyini, bir nəfər vəhhabiyə 3800 manata satacağını və ona da 200 manat pul verəcəyini deyib: “Pula ehtiyacım olduğu üçün razılaşdım və orada gözlədim. Kafedə oturub bir az çay içəndən sonra Elmir çölə çıxaraq qayıdacağını dedi və sellofan torbanı yanımda qoydu.

Elmir kafedən çıxandan bir az sonra tanımadığım mülki geyimli polis əməkdaşları mənə yaxınlaşdı. Onlar özlərini təqdim edib, məndən sellofan torbada nə olduğunu soruşdular. Torbada nə olduğunu bilmədiyimi dedim. Bundan sonra polis əməkdaşları iki nəfər tanımadığım hal şahidinin iştirakı ilə həmin sellofan torbaya baxış keçirdilər.

Torbada bir ədəd qundaqsız avtomat, bir ədəd avtomat darağı, 27 ədəd patron və qara plastirin olub. Polis əməkdaşları baxış keçirəndən sonra torbada olan avtomatı, sursatı və plastirini qablaşdırdılar. Bu barədə protokol tərtib edildi, özüm də həmin protokola imza etdim. Bundan sonra isə məni Siyəzən rayon polis şöbəsinə apardılar”.

Cinayət işi üzrə şahid qismində dindirilən Rasim Nəsibov bildirib ki, Siyəzən rayon polis şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində xidmət edir: “Həmin ərəfədə ölkə prezidentinin Siyəzən rayonuna səfəri gözlənildiyindən rayonda gücləndirilmiş iş rejimi müəyyən olunub. Siyəzən rayonu, “Beş Barmaq” adlanan pirin yerləşdiyi ərazidə daha çox kriminal hadisələr baş verdiyindən, ora da güclü nəzarət olub”.

Rasim Nəsibovun sözlərinə görə, sentyabrın 5-də Siyəzən rayon polis şöbəsinin əməliyyat müvəkkili Turan Hacıyev cinayət-axtarış bölməsinin rəisi Sadıq Həsənova zəng vuraraq ziyarətgahın yanındakı kafedə bir nəfərin özünü şübhəli apardığını, yanında bağlama olduğunu, verilən suallara isə şübhəli cavab verdiyini deyib: “Bu barədə məlumatı aldıqdan sonra dərhal polis əməkdaşları ilə birlikdə həmin kafeyə getdik. Hal şahidlərinin iştirakı ilə sellofana baxış keçirildi və sellofanda qundaqsız “Kalaşnikov” avtomatı, həmin avtomatın darağı, 27 ədəd patron və qara rəngli plastirinə oxşar maddə olduğu müəyyən edildi. Baxış keçirildikdən sonra Aruz Həmidov özünü səmimi aparmağa başladı, silahın özünə məxsus olmadığını, lakin Bakı şəhərindən Siyəzən rayonuna müəyyən pul müqabilində satmaq üçün gətirdiyini göstərdi”.

Rasim Nəsibov qeyd edib ki, təqsirləndirilən şəxsin ifadəsində Elmir adlı şəxslə bağlı araşdırma aparıblar, amma orada belə bir şəxsin olmadığı müəyyən edilib.

Cinayət işi üzrə ifadə verən digər şahid Mehman İsmayılov bildirib ki, Göyçay rayonunun Çərəkə kənd sakinidir, eyni zamanda Aruz Həmidovun qonşusudur. Onun sözlərinə görə, Aruz Həmidovu uşaq vaxtlarından tanıyır: “Onun ailəsi ağır vəziyyətdədir, atası Fəniyaz Həmidov Aruz Həmidovun uşaq yaşlarından anası Güleykə Həmidovadan ayrılaraq Rusiya Federasiyasında başqa bir qadınla yaşayır və uzun illərdir ki, ailəsinə baxmır.

Aruz Həmidov əvvəllər cinayət əməli törətməyib, kənddə hər kəsin hörmətini qazanaraq öz zəhməti ilə ailəsini dolandıran şəxs olub. Onun Bakı şəhərinə getməsi isə ailəsini dolandırmaq xatirinə məcburiyyətdən olub. Onun himayəsində heç yerdə işləməyən xəstə arvadı, yaşlı anası və iki azyaşlı uşaqları var. Aruz Həmidovun həbs olunması xəbərini eşitdikdən sonra arvadında psixoloji pozuntular yaranıb və tibbi yardım göstərilməsi üçün tez- tez evlərinə təcili yardımın əməkdaşları gəlir”.

Siyəzən rayon Məhkəməsinin hökmü ilə Aruz Həmidov 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror İsgəndər Cabbarov apelyasiya protesti verib.

Prokuror protestində göstərib ki, məhkumun əməli cinayət qanunu ilə düzgün tövsüf edilsə də, ona törətdiyi cinayət hadisəsinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə və şəxsiyyətə uyğun olmayan yüngül cəza verilib.

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya protsetini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin edilməyib.

Bu qərardan prokurorluq Ali Məhkəməyə eyni qaydada kasasiya şikayəti verib. Şikayət hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada araşdırılıb və təmin edilməyib.


Müəllif: Hacı Zeynalov