18 Oktyabr 2017 11:58
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Natiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində Rafael Həsənov ifadə verib.

O bildirib ki, Natiq Abbasov xaricdən maşın və maşın şüşəsi gətirmək adı ilə aldadıb, ondan əvvəl 7500 avro, daha sonra 1000 manat alıb: "Mənə həmin puldan qəpik də qaytarmadı. Sonra məni Gürcüstana çağırdı, amma orada zəngimə cavab vermədi. 20 gün Tiflisdə məni saxladı, buna görə ürək xəstəsi oldum".

Natiq Abbasov Rafael Həsənov epizodu üzrə istintaqa verdiyi ifadəsini təsdiq edib: "Rafael pulu Elgizdən alıb. Hər gələn mənə pul atıb. Hətta vəkilim də mənə 1000 manat atıb. Bəs mən sözümü kimə deyim?".

Növbəti proses oktyabrın 23-də davam edəcək.

İttihama görə, İsrail vətəndaşı Ramil Bəşirzadə özü hüquq-mühafizə orqanlarına müraciət edib, dələduzluqla üzləşdiyini bildirib. Dövlətlərarası ticarətlə məşğul olduğunu qeyd edən Ramil Bəşirzadə Azərbaycandan İsrailə satmaq üçün fındıq aparmaq istəyib.

Bu məqsədlə 2015-ci ildə Bakı şəhər sakini Natiq Abbasovla ticarət əlaqəsinə girib. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, Ramil Bəşirzadə Natiq Abbasova İsraildən bank vasitəsi ilə 65 min ABŞ dolları göndərib. Natiq Abbasov isə pulun qarşılığında fındıq göndərəcəyinə söz verib. Ramil Bəşirzadə pulun qalan hissəsini fındıq İsrailə çatdıqdan sonra göndərəcəyini deyib.

Daha sonra Natiq Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Natiq Abbasov Rəfael Həsənova qarşı da dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov