18 Oktyabr 2017 13:10
2 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə prokuror Rail İsmayılov ittiham aktını elan edib.

İttihama görə, 2017-ci il iyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva 5 yaşlı qızı Luizanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib.

Amma ekspertizanın rəyindən sonra məlum olub ki, uşaq zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirtdiyini bildirib.

Gülnarə Seypullayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

O, elan olunmuş ittihamla özünü tam təqsirli bilməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Bəxtiyar Ömərov ifadəsində bildirib ki, təqsirləndirilən Gülnarə Seypullayeva onun həyat yoldaşı, öldürülən Luiza qızıdır.

O, ifadəsində göstərib ki, Qusar rayonunun Hil kəndində Rafiq adlı şəxsə məxsus fermada rəsmi nikahda olmadığı Gülnarə ilə birlikdə yaşayıb. O, qızın ölümünü belə nəql edib: "Mən malları örüşə aparmışdım. Evə qayıdanda gördüm ki, uşağın halı pisləşib. Xəstəxanaya apardıq, orada öldü. Soruşdum ki, uşağa nə oldu? Dedi ki, yuyucu dərmanı südə qatıb uşağa verdim".

Zərərçəkmiş şəxsin hüquqi varisi deyib ki, Luiza onun doğma qızı olmayıb: "Həmin qızı öhdəmə götürmüşəm və uşaqlıqdan saxlamışam. Gülnarənin valideynləri həmin uşağı qəbul etmədiyini bilmişəm. Mən spirtli içki içən olmamışam. Gülnarənin mənimlə yaşamaq istməməsini bilməmişəm".

Gülnarə Seypullayevanın sözlərinə görə, Luzanın əsl atası Seymur Güləliyevdir. O bildirib ki, "birdən başım qarışdı və qızımı zəhərləyərək öldürdüm: "Bəxtiyar isə içki içən olub, buna görə də onunla yaşamaq istəməmişəm"

Daha sonra şahid qismində Rafiq Rəhmanov ifadə verib. O bildirib ki, özünə məxsus fermada Bəxtiyar Ömərovun ailəsi ilə yaşaması üçün yer verib: "Onların münasibəti normal olub. Sonradan uşağın öldüyünü, 4-5 gün sonra isə uşağın anası tərəfində öldürüldüyünü eşitdim".

Şahid bildirib ki, Luiza ona həmişə baba deyib: "Mən də ona oyuncaqlar almışam. Uşağın başına gətirilənlərə dözə bilmirəm. Ağlamaqdan özümü saxlaya bilmirəm. Anası uşağı incitməyib. Gülnarənin başında xəstəlik olmasını bilmişəm. Uşağı Gülnarənin ailəsi qəbul etmirdi. Onu evə qoymurdular.
Uşağın atasnın başqa kişi olduğunu bilməmişəm. Körpənin sənədləri yox idi".

Növbəti proses oktyabrın 25-də davam edəcək.


Müəllif: Hacı Zeynalov