19 Oktyabr 2017 20:10
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda iranlı tələbəni öldürməkdə şübhəli bilinərək tutulan dəstə üzvlərinin daha bir cinayətinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilindiklərinə görə tutulan Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əliməmmədov, Zahid Dünyamalıyev və Yunus Camallının ətrafında istintaq araşdırmaları aparılıb.

Onların oktyabrın 14-də Kürdəmir rayonu ərazisindəki evlərdən birində ev sahibi və onun arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 2000 manat və 350 ABŞ dolları pul, habelə qızıl əşyalar aparmaları müəyyən edilib.

Qeyd edək ki, dəstə üzvləri başqa bir cinayət hadisəsinə görə həbs olunublar.

Oktyabrın 12-də isə üzərində zorakılıq əlamətləri olan İran vətəndaşı, Azərbaycanda təhsil alan Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev tutularaq istintaqa cəlb olunublar.

Müəyyən olunub ki, tutulan 5 nəfər oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib, Saman Mohtatini öldürüb, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov