20 Oktyabr 2017 09:39
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən 1973-cü il təvəllüldü Aliyə Cahangirovanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aliya Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İttihama görə, Azərbaycan AMEA-da dizayner vəzifəsində işləyən 1973-cü il təvəllüdlü Aliyə Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmiş Mehparə Sadıxovanın 70 min 50 manatını ələ keçirib. Bundan başqa, o, Mehparə Sadıxovanın bacısı Gülnarə Naibovaya qarşı da dələduzluq edib. İş qurmaq adı ilə Gülnarə Naibovanın 8500 manatını alıb.

Aliyə Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilib

Aliyə Cahangirova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.


Müəllif: Hacı Zeynalov