21 Oktyabr 2017 12:23
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda soyğunçuluq və quldurluqda təqsirləndirilənlər – rus əsilli İqor Zubov və Alevtin Potapovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

İttihama görə, 2016-cı il dekabrın 26-da İqor Zubov uşaqlıq dostu Alevtin Potapovla birgə Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində, qonşu məhəllədə yaşayan Fərhad Rüstəmovun qarşısını kəsərək ondan siqaret və pul tələb edib.

Sonuncu pulu olmadığını söylədikdə İqor onun mobil telefonunu güclə dartaraq əlindən alıb. Sonra onu döyərək hadisə yerindən qaçıblar.

İqor Zubov qonşu məhəllədə yaşayan Fərhadı çağırıb siqareti olub-olmadığını soruşub, sonra ondan 1 manat pul istəyib: “Əlimi salıb şalvarının ciblərini axtardım, telefonunu götürdüm. Telefonu talamaq niyyətim yox idi, özümə məxsus sim-kartı salıb danışacaqdım. Fərhad mənimlə mübahisə etməyə başladı. Bu zaman Alevtin yaxınlaşıb Fərhadı itələdi. Fərhad da qaçıb getdi. Ondan götürdüyüm mobil telefonu 20 manata satdım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər və barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.


Müəllif: Hacı Zeynalov