21 Oktyabr 2017 15:58
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən və Tovuz rayonlarında oğurluq hadisələri törədən gənclər həbs edilib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 21-də naməlum şəxslər Siyəzən rayonunda İsgəndər İsgəndərova məxsus mağazanın şüşəsini sındıraraq oradan pul, tütün məmulatları və digər əşyalar oğurlayıblar. Mağazaya 2400 manat ziyan vurulub.

Siyəzən rayon polis şöbəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Emin Muradov, Tovuz rayon sakinləri Eşqin Ələkbərov və Elşən Novruzov tutulublar.

Saxlanılan zaman onlara məxsus idman çantasından cinayətdə istifadə etdikləri maskalar, metal linglər və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb.

Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərinin də üstü açılıb. Onlar ifadələrində Tovuz rayonunda da 2 mağazadan oğurluq etdiklərini də etiraf ediblər.

İstintaq araşdırması zamanı məlum olub ki, saxlanılan şəxslər əvvəllər məhkum olunublar. Onların dostluğu həbsxanada başlayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov