21 Oktyabr 2017 18:45
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda kənd ambulatoriyasının müdiri işləmiş Vahab Səfərovu öldürməkdə təqsirli bilinən Vüqar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu il martın 18-də Lənkəranın Xolmili kənd sakini 67 yaşlı Vahab Səfərovun evinə basqın edilib.

Basqınçılar ona baş nayihəsindən küt alətlə bir neçə zərbə vuraraq ağır xəsarət yetiriblər. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Lənkəran polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xolmili kənd sakini Vüqar Abbasov tutulub.

Hadisə tamah məqsədilə törədilib. Vahab Səfərov uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Hakim Nizami Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vüqar Abbasov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vahab Səfərovun qətlə yetirilməsində iştirak edən digər şəxs, 1974-cü il təvəllüdlü Ramil Hüseynov həbs edilsə də, hadisədən bir ay sonra Lənkəran rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında əvvəlcə polisə xəsarət yetirib.

O, daha sonra polis əməkdaşının silahını əlindən zorla alıb və özünü güllə ilə vuraq öldürüb.


Müəllif: Hacı Zeynalov