23 Oktyabr 2017 10:48
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesə zərərçəkmiş Şahin Hüseynovun gəlmədiyi məlum olub.

Daha sonra prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Şamil Bədəlov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyib. Hakimin sözlərinə görə, zərərin ödənilməsi üçün məhkəmə Şamil Bədəlova iki ay vaxt verib.

Növbəti proses noyabrın 13-də davam edəcək.

İttihama görə, 1969-cu il təvəllüdlü Şamil Bədəlov Azital İnşaat MMC şirkətinin direktoru vəzifəsində çalışıb. O, şirkətin 42 min manat pulunu mənimsəyib.

Şamil Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Azital İnşaat MMC Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub.


Müəllif: Hacı Zeynalov