23 Oktyabr 2017 11:36
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda İngiltərə vətəndaşına qarşı soyğunçuluq edən şəxslərə hökm oxunub

Bakıda Böyük Britaniya vətəndaşını soymaqda təqsirləndirilən Emin Mustafayev və Nicat Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdətəqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə onların ittiham olunduğu Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsindən həmin məcəllənin 177-ci (oğurluq) maddəsinə tövsif edilib.

Emin Məmmədov və Nicat Hacıyevin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, bu il aprelin 30-da, gecə saatlarında paytaxtın Səbail rayonu ərazisindəki Sahil bağında iki nəfər naməlum şəxs İngiltərə vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını alaraq hadisə yerindən qaçıblar.

Bu zaman Səbail rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin hadisə yerinin yaxınlığında xidmət aparan əməkdaşları soyğunçuluq törədərək qaçmağa cəhd edən Bakı sakini Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev yaxalanıb.

Saxlanılan şəxslərin sözlərinə görə, onlar həmin şəxsin sərxoş olmasını görüb, onu izləməyə başlayıblar, bundan sonra isə cinayəti törədiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham ediliblər.


Müəllif: Hacı Zeynalov