24 Oktyabr 2017 08:59
4 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şirvana etap olunan 2 məhbusun – Əli Ağami və Etibar Məmmədovun qaçması 2015-ci ildə baş vermiş bir cinayət hadisəsini yenidən gündəmə gətirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Şirvan şəhərində kriminal avtoritetlər arasında baş verən silahlı insident zamanı “Krıtı Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyev qətlə yetirilib.

2015-ci il noyabrın 5-də saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzindəki kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində qətli törədən Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Abdulla Hüseynov və 1985-ci il təvəllüdlü Tural Salmanov həbs edilib.

Verilən məlumata görə, silahlı insidentdə ölən Elvin Nəziyev digər insident qurbanı olan və “Qoca” ləqəbi ilə tanınan Etibar Hacıqabulskinin tərəfdarı Zaur Sarıbalayevə atəş açaraq qətlə yetirib. Şirvan sakini Abdulla Hüseynov isə “Makarov” tipli tapançadan atəş açaraq Elvin Nəziyevi öldürüb.

Cinayət hadisəsində Əli Ağami və Etibar Məmmədovun da adı keçir. Onlar cinayətkar dəstənin üzvləri olublar.

Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz silah gəzidrmə) maddələri ilə ittiham olunan Əli Ağami və Etibar Məmmədov bu gün həbsdən qaça biliblər. Onlar oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqondan Biləcəri dəmiryolu stansiyasında qaçdıqları ehtimal olunur.

Hər iki şəxs barəsində keçən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.

Məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Məhbusun cəzaçəkmə müəssisəsindən, təcridxanadan və ya digər nəzarət məntəqəsindən qaçması Azərbaycanda nadir hadisə sayılır. Belə bir hadisə sonuncu dəfə 2005-ci ildə baş verib.

Qeyd edək ki, Etibar Məmmədov kriminal aləmdə “Qoca” ləqəbi ilə və Etibar Hacıqabulinski adı ilə tanınıb. Qətə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Adıçəkilən hər iki avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifova yaxın avtoritetlərdir.

Teleqraf.com Krıtı Elvinin yeni fotolarını əldə edib.


Müəllif: Hacı Zeynalov