1 Noyabr 2017 12:00
2 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Yaşa Bakinski” ləqəbi ilə tanınan Baləhməd Baləhmədovu öldürməkdə təqsirli bilinən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə ittiham aktı elan edilib.

Elxan Ağayev ibtidai istintaq dövründə cinayət işinin düzgün aparılmadığını deyib, bununla belə, hadisəni törətdiyini etiraf edib:

“Evimə gəlmişdi, əlində də bıçaq vardı. Məni bıçaqla vurmaq istəyirdi, onu qabaqladım. Cinayəti törədəndən sonra polisə məlumat verdim”.

Daha sonra Baləhməd Baləhmədovun qızı Aytən Baləhmədova ifadə verib. O, atasının qatilinin Elxan Ağayev olduğunu deyib. Mərhumun qızının sözlərinə görə, atasının evinə Elxan Ağayev gəlib və cinayəti törədib.

Elxan Ağayev isə hadisəni öz evlərində törətdiyini təkrar söyləyib.

İttihama görə, qətl bu il matın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Baləhmədovu bıçaqla qətlə yetirib.

Cinayəti törətmiş Elxan Ağayev Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

İfadəsində bildirib ki, 1 ay bundan əvvəl Baləhməd Baləhmədov onu bıçaqlayıb. İndi isə Elxan Ağayev qisas məqsədilə Baləhməd Baləhmədovu öldürüb.

Elxan Ağayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.


Müəllif: Hacı Zeynalov