1 Noyabr 12:40
589

Qusar rayonunda 5 yaşlı qızı Luizanı öldürməkdə ittiham olunan Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid Zeybulla Ələsgərov ifadə verib.

O, qoyun otardığını və Gülnarə Saypullayevanı da orada gördüyünü deyib.

Şahid Seymur Guləliyevin sözlərinə görə, Gülnarə ilə eyni kənddə yaşayıb, həmin gün səs-küyə evdən çölə çıxıb: “Yoldaşım dedi ki, Luiza yoxdur. Onu axtarıb evdən tapdılar. Halı pisləşdiyi üçün xəstəxanaya apardılar. Sonra öldüyünü eşitdim”.

Daha sonra sərbəst ifadə verən Gülnarə Saypullayeva bildirib ki, anası onun uşağını qəbul etməyib: “Ata evinə gedəndə anam mənə dedi ki, uşağını gətirmə. Hadisə günü uşağın süd içdiyini gördüm. Tanrıya and olsun ki, uşağımı zəhərləməmişəm. Səhvən özü dərmanı içib. Mən özümü öldürərdim, uşağı yox.

Anamla münasibətimiz yaxşı deyildi. Mən ona lazım deyildim. Psixoloji əziyyət çəkirdim. 16 yaşımda ana olmuşam. Anam uşağı qəbul eləmədi, mənə kömək eləmədi. Bakıdan bir qadın gəlmişdi. Anam uşağı ona vermək istəyirdi”.

Suallara cavabda Gülnarə Saypullayeva istintaqa ifadəsində uşağını öldürdüyünü etiraf etməsini izahda çətinlik çəkib.

Dövlət ittihamçısı söyləyib ki, Gülnarə Saypullayevanın əri polisə zəng edərək arvadının uşağını öldürdüyünü deyib. Gülnarə Saypullayeva buna görə birinci ərinin həbs edilməli olduğunu deyib. O qeyd edib ki, uşağı tərkibində zəhər olan südü içən zaman yanında heç kim olmayıb.

Məhkəmədə sənədlər tədqiq edilib, ekspertiza rəyi açıqlanıb. Rəydə bildirilib ki, uşaq zəhərlənmədən ölüb, Gülnarə Saypullayeva isə bunu anlaqlı vəziyyətdə edib. Daha sonra məhkəmə istintaqının başa çatdığı bildirilib.

Növbəti proses noyabrın 8-də davam edəcək.

İttihama görə, 2017-ci il iyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva 5 yaşlı qızı Luizanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib.

Amma ekspertizanın rəyindən sonra məlum olub ki, uşaq zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirtdiyini bildirib.

Gülnarə Seypullayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov