1 Noyabr 14:37
269

Özünü vəkil kimi təqdim edərək dələduzluqda təqsirli bilinən Zəngilan rayon sakini, 1961-ci il təvəllüdlü Ağa Sayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ağa Sayılov Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində məhkum Rafail Xəlilova özünü vəkil kimi təqdim edib. O, Rafaili şəxsi əlaqələrindən istifadə edib, vaxtından əvvəl azad edilməsinə kömək göstərəcəyinə inandırıb.

Ağa Sayılov Rafail Xəlilovun tapşırığı ilə 2015-ci ilin avqustun əvvəllərində onun ailə üzvlərinin yaşadığı Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən evinə gəlib. O, Elnur Xəlilova qardaşını həbsxanada vaxtından əvvəl azad etdirəcəyinə söz verib, bunun üçün 5000 manat pul lazım olduğunu bildirib.

Ağa Sayılov həmin pulu alaraq, dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində dustaq Şakir Hüseynova da özünü vəkil kimi təqdim edib, onun vaxtından əvvəl azad edilməsi məsələsini həll edəcəyinə inandırıb. Bunun üçün ondan 15000 manat pul istəyib.

Ağa Sayılov həmin pulu ələ keçirmək üçün Şakir Hüseynovun oğlu Tural Hüseynov görüşüb və atasının həbsdən azad edilməsi məsələsini danışıb.

O, Tural Hüseynovdan 2015-ci ilin avqustun ortalarında Nərimanov rayonu ərazisində, “İstanbul” çayxanasında 1000 manat, 2015-ci ilin oktyabr ayının əvvəllərində Xətai rayonu ərazisində, Ali Məhkəmənin inzibati binasının yaxınlığında 12000 manat, sonuncu dəfə, 2015-ci ilin oktyabr ayının ortalarında Sumqayıt şəhərində, köhnə avtovağzal deyilən yerdə 2000 manat pul alıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağa Sayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ağa Sayılov apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmün ləğv edilməsini, törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 32, 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddəsinə tövsüf edilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edilməsini xahiş edib.

Ağa Sayılovun cinayət işi baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada Ağa Sayılovun apelyasiya şikayəti araşdılıb.

Hakim heyəti Ağa Sayılovun şikayətini əsassız hesab edib və təmin olunmaması barədə qərar qəbul edib.


Müəllif: Hacı Zeynalov