11 Noyabr 11:41
349

Meşədə adam öldürməkdə təqsirləndirilən Elnur Məmmədov və xuliqanlıqda təqsirli bilinən Elçin Həsənovun barəsində olan birinci instansiya məhkəməsinin hökmündən şikayət üzrə proses başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin hüquqi varisi və prokurorun protesti üzrə ilkin dinləmə olub.

İttihama görə, qətl hadisəsi ötən il dekabrın 23-də Suraxanı rayonunda baş verib. Tovuz rayonunda anadan olmuş, Ramana qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayan 1988-ci il təvəllüdlü Elşad Əmirovun Bülbülə qəsəbəsində, 16 nömrəli Cəzaçəkmə Müəssisəsi yaxınlığında meşəlik deyilən ərazidə meyiti aşkar edilib.

Dekabrın 23-də Bakı şəhər sakini Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Həsənov tutulub, daha sonra Elnur Məmmədov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü ilə Elnur Məmmədov 17 il azadlıqdan məhrum edilib. Qətldə təqsirləndirilən Elçin Həsənovun əməli isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə tövsif edilib. Elçin Həsənov 4 il azadlıqdan məhrum olunub.

Elçin Həsənov bu işdə heç bir günahının olmadığını, sadəcə Elnurla mərhum arasında baş verən davanı sakitləşdirməyə çalışdığını deyib.

Digər təqsirləndirilən Elnur Məmmədov da Elçinin günahın olmadığı deyib: “Öləni mən vurmuşam, Elçinin heç bir günahı yoxdur. O, sadəcə bizi aralaşdırıb. Bu yetimin günahı bu olub... Mən 4 bıçaq vurmuşam. Hələ biri də Elçinin əlinə dəyib. İşə düzgün baxılmadı. Mənə 18 yox, 25 il də versələr xeyri yoxdur. Qolumun birini kəsmişəm. Ayağımı da kəsəcəm. Özümə qəsd edəcəm”.

Apelyasiya instansiyasında növbəti proses noyabrın 14-də davam edəcək.


Müəllif: Hacı Zeynalov