14 Noyabr 2017 01:51
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanları oğurluq edən şəxslərin tutulması üçün əməliyyat tədbirləri keçirib.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 3 nəfər Bakı şəhər sakini saxlanılıb.

Onlar noyabrın 6-da rayon ərazisindəki müəssisələrdən birindən 1 kompüter, 1 qapı, 1 pəncərə və 20 metr elektrik naqili oğurlamaqda şübhəli biliniblər.

Daha bir əməliyyatı Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları keçirib.

Noyabrın 7-də rayon ərazisindəki restoranlardan birindən musiqi aləti (sintezator) və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Quliyev tutulub.

Bundan başqa, Salyan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 17-də rayon ərazisindəki evlərin birindən 295 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şorsulu kənd sakini Vasif Yunusov tutulub.

Oxşar əməliyyatı Qax rayon polis şöbəsinin əməkdaşları da keçirib.

Noyabrın 8-də rayon ərazisindəki evlərin birindən 330 manat və sənəd oğurlamaqda şübhəli bilinən Çüdürlü kənd sakini Süleyman Əhmədov həbs olunub.

Bundan əlavə, noyabrın 10-da Gəncə şəhər sakini Saləddin Qoşqarova məxsus avtomobildən 20 manat və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən, şəhər sakinləri olan 3 yeniyetmə Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daha bir əməliyyat Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Noyabrın 4-də Gəncə şəhər sakini Z.Gəncizadənin çantasından 150 manat və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Telman Mirzəliyev tutulub.

Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən noyabrın 6-da Məmmədli kənd sakini İlham Məmmədova məxsus 4 baş qoyunu kəndin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən şəhər sakini Rəşad Zeynalov saxlanılıb.

Avtomobil oğurluğu edən şəxsin tutulması üçün əməliyyatı İsmayıllı rayon polis şöbəsinin əməkdaşları keçirib. Noyabrın 8-də Yevlax rayonu ərazisindən Kənan Bağırzadəyə məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Nəbi Məhərrəmov tutulub.

Siyəzən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 23-dən noyabrın 10-dək olan müddətdə rayon ərazisindəki 6 evdən pul, qızıl, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xəyyam Şahbazov tutulub.


Müəllif: Hacı Zeynalov