14 Noyabr 2017 10:20
1 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rövşən Qədirov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəilləri araşdırılıb.

İttihama görə, Quba rayonunun sakini Rövşən Qədirov qazanc üçün Türkiyəyə gedib və orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub.

İbrahim adlı şəxs Rövşən Qədirova Pakistandakı proseslər, silahlı islamçı qrupların şəriətin müdafiəsi uğrunda fəaliyyəti və onların “müsəlmanlara zülm edənlərə” qarşı mübarizələri haqqında məlumat verib.

Məlum olub ki, Rövşən Qədirov özünə “Übeyd” dini ləqəbi götürüb. Onun terrorçu qruplaşmaların tərkibindəki döyüş yolu Pakistanın Şimali Vəziristan əyalətindən başlayıb və Suriyanın Hələb xarabalıqlarına qədər davam edib.

Nəhayət, o, Bəşər Əsədin aviasiyasının raket zərbələrinə tuş gəlib və yaralanaraq “cihadı” tərk edib.

İstintaqın müəyyən etdiyinə görə, Rövşən Qədirov əvvəlcə Pakistanın Şimali Vəziristan vilayətində “Yunus” adlı şəxsin rəhbərlik etdiyi “Türk camaatı” adlı silahlı birləşmənin tərkibinə daxil olub. O, 2009-cu ilin noyabr ayından 2010-cu ilin mart ayına kimi həmin silahlı birləşmənin tərkibində iştirak edib. Həm Azərbaycan, həm də Pakistan qanunvericiliyinə əsasən, cinayət sayılan bu əməllərə görə xarici dövlətdə məhkum olunmayıb.

Bundan başqa, Rövşən Qədirov silahlı münaqişələrdə iştirak etmək üçün 2011-2012-ci illər ərzində Suriyanın Hələb şəhərində fəaliyyət göstərən, “Əbu Əhməd Xümsi”nin rəhbərlik etdiyi “Əhrar-əş-Şam” silahlı birləşməsinə qoşulub. 2011-ci ilin dekabr ayında isə Suriya silahlı qüvvələrinin həmin əraziyə endirdiyi raket zərbələri nəticəsində yaralanıb.

Rövşən Qədirov bu il aprelin 17-də Azərbaycana gəlib və bir müddət sonra həbs olunub. O, ittihamları qəbul etməyib, ümumiyyətlə, Pakistanda olmadığını, Suriyaya isə humanitar yardım aparmaq üçün getdiyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Qədirov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rövşən Qədirovun apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov