15 Noyabr 2017 12:40
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın ərazi polis orqanları avtomobil qaçırmaları faktları üzrə əməliyyat tədbirləri keçirib.

Teleqraf.com xəbər verir ki, noyabrın 14-də saat 2.00 radələrində Ağstafa rayonunun Köçəsgər kəndindən Mikayıl Nəsirova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 4.00 radələrində tapılıb və onu qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakinləri Fərid Məmmədzadə, Rəşadət Fəttahov və əvvəllər məhkum olunmuş Ağalar Səfərov tutulublar.

Bundan başqa, həmin gün saat 7.00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndindən Rövşən Mehdiyevə məxsus “QAZ-31029” avtomobilin qaçırılması barədə polis şöbəsinə daxil olan məlumatla əlaqədar müvafiq tədbirlər görülüb. Qaçırılan maşının Qax rayonu istiqamətində hərəkətdə olduğu müəyyən edilib.

Zaqatala və Qax rayon polis şöbələri əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri ilə avtomobil Qax rayonunun Əmircan kəndi ərazisində tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Zaqatala şəhər sakini Rüstəm Əlizadə tutulub.

Oxşar oğurluq hadisəsi paytaxtın Xəzər rayonunda da baş verib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində isə noyabrın 13-də Bakı şəhər sakini Namiq Ağayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri olan 3 yeniyetmə saxlanılıb.

Bundan əlavə, noyabrın 12-də Bakı şəhər sakini Vüsal Rəhimova məxsus “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Cəmil Səfərəliyev Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Onun noyabrın 3-də Əsəd Vəliyevə məxsus “Ford” markalı avtomobili qaçırması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov