16 Noyabr 2017 11:12
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman Şəhla Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.

Polad Əliyev Ağdam rayonunda anadan oıduğunu, himayəsində 2 azyaşlı uşaq olduğunu, hazırda Milli Elmlər Akademiyasında işlədiyini söyləyib.

Səkinə Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.

Mədinə Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib. Aytən Hüseynovanın sözlərinə görə, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.

Yelena Abdullayeva qeyd edib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.

Hazırlıq iclasının davamı noyabrın 20-də keçiriləcək.

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə istintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.

Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 700 min manatdan çox vəsaiti ələ keçirməkdə ittiham edib.

Şəhla Abbasova istintaqa ifadəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb.


Müəllif: Hacı Zeynalov