16 Noyabr 2017 13:57
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çoxsaylı oğurluq törədən şəxs barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, paytaxt polisinin həbs etdiyi Araz Əmiraslanovun ətrafında Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsində araşdırma aparılıb.

Əməliyyat tədbirləri ilə onun sentyabrın 24-də Ruslan Məcidova məxsus “BMW” markalı avtomobildən 6500 manat və 200 ABŞ dolları oğurladığı müəyyən edilib.

Qeyd edək ki, Araz Əmiraslanov bu ilin oktyabrın əvvəllərində həbs edilib.

Məlum olub ki, Binəqədi rayonu Ə.Naxçıvani küçəsindəki evlərdən birində yaşayan Alla Nukradzeyə məxsus “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 12 min manat dəyərində kosmetoloji avadanlıqlar naməlum şəraitdə oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin tədbirləri nəticəsində oğurluq hadisəsinin Zəngilan rayon sakini Araz Əmiraslanov tərəfindən törədildiyi müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən qeyd edilən şəxsin idarə etdiyi “Mersedes” markalı avtomobillə Qaradağ rayonu ərazisində hərəkətdə olması müəyyənləşdiriləndən sonra bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin 5-ci polis bölməsinə məlumat verilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Araz Əmiraslanov idarə etdiyi avtomobillə birlikdə saxlanılıb.

Avtomobilin yük yerinə baxış zamanı onun oğurladığı əşyalar aşkar olunaraq götürülüb.

Araz Əmiraslanovun bu ilin sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 13 nəqliyyat vasitəsinin şüşəsini sındıraraq mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.


Müəllif: Hacı Zeynalov