16 Noyabr 2017 23:44
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanları respublikanın ayrı-ayrı rayonlarında oğurluq hadisələri törədən şəxslərin tutulması üçün əməliyyat tədbirləri keçirib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 2-də rayon ərazisində bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Məmmədov tutulub.

Bundan başqa, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 25-28-də rayon ərazisindəki təndir sexlərinin birindən 24 manat, mobil telefon və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.

Oğurluq edən şəxslərə qarşı Sumqayıt şəhərində də əməliyyat keçirilib. 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr-oktyabr ayları ərzində şəhər ərazisində 2 avtomobildən, habelə 2 evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rövşən Sultanov tutulub.

Daha bir əməliyyatı Gəncənin Nizami rayon Polis İdarəsinin əməkdaşları keçirib. Cari il iyulun 10-da rayon ərazisində 2 avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Onun iyulun 14-də şəhər sakini Elvin Rzayevin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Sabirabad rayonunda da keçirilən əməliyyatla iki oğurluq hadisəsinin üstü açılıb. Bu il oktyabrın 17-dən 23-dək olan müddətdə rayon ərazisində 1 traktorun akkumulyatorunu, 1 həyətyanı sahədən 400 kiloqram buğdanı və idarələrdən birinə məxsus su təmizləyici qurğunun su diyircəyini oğurlamaqda şübhəli bilinən Sərdar Mirzəyev tutulub.

Bundan başqa, Sabirabad rayon sakini Azər Abuşovun cibindən 300 manat oğurlamaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb.

Daha bir əməliyyatı Şirvan şəhər polis şöbəsinin əməkdaşları keçirib.

Oktyabrın 31-də şəhər sakini Xəyyam Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini Vüqar Əlizadə tutulub.


Müəllif: Hacı Zeynalov