17 Noyabr 2017 11:56
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Çingiz Məmmədov və İsa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Ceyhun Əliyev ifadə verib.

O bildirib ki, 2014-cü ildə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində təqsirləndirilən şəxslərin inşa etdiyi binadan mənzil almaq üçün ora gedib: “Məni Rasim adlı şəxs qarşıladı. O, hazırda satlıq mənzil olmadığını bildirdi. Bir müddət keçəndən sonra Rasim zəng etdi i ki, satlıq ev var, başqa şəxsindir, amma danışmaq, razılaşmaq lazımdır. Sonra Rasim məni Xətai rayonunda İsa Məmmədovla Çingiz Məmmədovun yanına göndərdi. Ora atamla birlikdə getdik. Ofisdə bizi hər iki şəxs, bir də Elmira xanım qarşıladı”.

Zərərçəkmişin sözlərinə görə, 280 min dolları manata çeviriblər və ümumilikdə təqsirləndirilən şəxslərə 211 min manat veriblər: “Hətta alqı-satqı da etdik. Evin əvvəlki sahibinin kim olduğunu soruşduq. Amma onun kim olduğunu demədilər. 2017-ci ilin yayında isə məlum oldu ki, mənim aldığım mənzili başqasına satıblar”.

Zərərçəkmiş qeyd edib ki, mənzilin digər sahibi Sultan Sultanov olub: “Bu şəxslər barəsində cinayət işi başlanada Sultan mənə zəng etdi, mənzilin onun adına olduğunu söylədi. Dedi ki, bununla bağlı məhkəmə qərarı da var”.

Məhkəmədə məlum olub ki, həmin mənzil Sultan Sultanova 2010-cu ildə satılıb.

Təqsirləndirilən İsa Məmmədov zərərçəkmiş Ceyhun Əliyevin düzgün danışdığını, ondan pul aldıqlarını, evin ona satıldığını deyib: “Lakin Sultan Sultanova ev satılmayıb, bununla bağlı kassa məxarici olmayıb. Həmin mənzil əvvəlcə Aida xanıma satılmışdı, sonra da alqı-satqı ilə Ceyhuna satıldı”.

İttihama görə, Çingiz Məmmədov və İsa Məmmədov “İdeal-V” tikinti şirkətinin vəzifəli şəxsləridir. Onlar barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

Şirkətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla əlbir şəkildə, cinayət əlaqəsinə girməklə qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə yalan məlumatlar daxil ediblər.

Onlar cəmiyyət tərəfindən Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrar ayrı-ayrı şəxslərə satıblar. Ümumilikdə 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını ələ keçiriblər.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham edilirlər.


Müəllif: Hacı Zeynalov