20 Noyabr 2017 14:57
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda kənddən pul və qızıl oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran Regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Masallı rayonunun Yenikənd kənd sakini olan bir qadın rayon polis şöbəsinə evindən 650 manat pul, 3000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət edib.

Əməliyyat-axtarış tədbirləri zamanı oğurluğu qadının həmkəndliləri törətdiyi müəyyən edilib. Bir neçə ay əvvəl həmin evdə usta işləyən 27 yaşlı Ramil Əsgərov pulun və qızılın yerini, eləcə də evə gizli yolla daxil olmağın yolunu öyrənib.

Sonra isə 30 yaşlı həmkəndlisi Vüsal Hacıyev və 23 yaşlı Samir Mirzəzadəyə bu barədə məlumat verib. Ev sahibinin evdə olmadığı vaxtı da dedikdən sonra sonuncu iki şəxs ikinci mərtəbədəki balkonun plastik qapısını açaraq içəri daxil olub.

Saxlanılan Ramil Əsgərov və Vüsal Hacıyev törətdikləri əməli etiraf ediblər. Oğurladıqları qızılı hissə-hissə satdıqlarını və pulu aralarında böldüklərini bildiriblər. Hazırda onlardan biri - Samir Mirzəzadənin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov